Formula 1 üzrə sabiq dünya çempionu Jak Vilnyöv hazırda “Kral avtoyarışları”nda dominantlıq edən “Red Bull”la Lüis Hemiltonun ardıcıl çempionluqları sıraladığı “Mersedes”in dövrünü müqayisə edib. Sport24.az xəbər verir ki, o, intriqa həvəskarlarının indiki vəziyyətə görə narahat olmasını anlamadığını söyləıyib: “Hazırda “Red Bull” “Mersedes”in dövründəki kimi hegemonluq edə bilmir. Belə olan halda, nəyə görə narahatıq ki? O vaxt “Mersedes” səhv edəndə belə asan qələbə qazanırdı. “Red Bull” isə bunu edə bilmir. Onlar çox yaxşı işlədiyinə görə qalib gəlirlər. Pilotları mühəndisləri ilə yaxşı anlaşır, komandada siyasət və xaos yoxdur və hamı bir istiqamət üzrə hərəkət edir. Maşınları çox yaxşı olsa da, kiçik bir səhv nəticəsində uduza bilərlər. Bu aşkar dominantlıq deyil, sadəcə, bir qədər yaxşıdırlar”.
Xatırladaq ki, hazırda Maks Ferstappen şəxsi birincilikdə 93 xalla liderdir. O, komanda yoldaşı Serxio Peresdən 6 xal öndədir. Mühəndislər Kubokunda isə “Red Bull” rəqiblərini aşkar fərqlə üstələyir.