"'Red Bull''un baş məsləhətçisi Helmut Marko Aleksander Albon barədə açıqlamalar verib. Sport24.az xəbər verir ki, 27 yaşlı yaşlı britaniyalı pilot çox istedadlı sayılsa da, hələ ki potensialını tam aça bilməyib.

2020-də o, ''Red Bull''da çıxış edirdi. Amma ümidləri doğrulda bilmədiyindən komandadan ayrılmalı oldu. Hazırda Albon ''Uilyams''ın pilotudu.

Markonun sözlərinə görə, Albon bizdə çıxış edərkən həqiqətən də bəxti gətirməyib: "Braziliyada onun ikinci yer üçün gözəl şansı var idi. Amma Hemilton onunla toqquşaraq geriyə düşməsinə səbəbkar oldu. Sonra da Avstriya Qran-prisində eyni şey oldu. Albon o yarışda hətta 1-ci pillə üçün mübarizə aparırdı. Bu dəfə də Hemilton ona mane oldu. Bu iki hadisə Aleksin özünəinamına ciddi dərəcədə təsir etdi. Ondan bu qələbəni hamımız gözləyirdik. Amma kiməsə görə bu, baş vermədi! Özünəinamı itdikdən sonra işimiz çətinləşdi. Amma bizə çempionluq uğrunda yarışmaq üçün iki yüksək səviyyəli pilot lazım idi''.

Qeyd edək ki, sonradan ''Red Bull'' Albonun əvəzinə Serxio Peresi komandaya dəvət etdi.