Bu gün Avstriyada yerləşən Şpilberq avtodromunda ''Formula-1'' üzrə mövsümün 9-cu qran-prisinin təsnifat mərhələsi keçirilib. Sport24.az xəbər verir ki, bu mövsüm fırtına kimi əsən son 2 ilin çempionu, ''Red Bull'' pilotu Maks Ferstappen növbəti dəfə ən yaxşı nəticə göstərməyə müvəffəq olub.

Belə ki, 1.04,391 göstərici ilə hamını üstələyən 25 yaşlı niderlandlı ardıcıl 4-cü, bu mövsüm 6-cı, karyerasında isə 26-cı dəfə pol qazanıb  Bu göstəricidə o, digər ikiqat dünya çempionu Mika Hakkineni yaxalanıb və turnirin tarixində ilk ''10-luğ''a daxil olub.

Bazar günkü yarışa 2-ci pillədə ''Ferrari'' pilotu Şarl Lekler, 3-cü pillədə onun komanda yoldaşı Karlos Sayns başlayacaq. Lyuis Hemilton 5-ci, Fernando Alonso 7-ci nəticə göstərib.

Ferstappenin komanda yoldaşı Serxio Peresə gəlincə, o, növbəti dəfə ümidləri doğrultmadı. Meksikalı pilot ardıcıl 4-cü dəfə təsnifatın 3-cü seqmentinə keçə bilməyib  Çünki trassın çərçivələrini aşdığı üçün onun 2 ən yaxşı nəticəsi ləğv olunub. Beləliklə, Peres yarışa 15-ci yerdən start verəcək.