Bir çox idman növlərinə önəmli sərmayələr qoyan ərəblər deyəsən, indi də ''Formula-1''i ələ keçirməyə çalışır. Sport24.az xəbər verir ki, dünyanın ən məhşur avto yarışı hazırda ABŞ-ın ''Liberti Media'' şirkətinə məxsusdu.

Bu şirkət 2017-də Berni Ekklstouna 3,3 milyard avro ödəyərək ''Formula-1''in yeni sahibinə çevrilib. Şirkətin rəhbəri Qreq Maffey ''Formula-1''in Səudiyyə Ərəbistanından olan investorların əlinə keçəcəyi barədə yayılan şaiyələr haqda bunları deyib: ''Ərəblər zatən bəzi aspektlərdə önəmli partnyorlarımızdı. Qran-prilərdən biri orda keçirilir. ''Aramko'' şirkəti isə sponsorlarımız arasındadı. Amma konkret ''Formula-1'' franşizasının özünü almaq barədə bizə heç kim müraciət etməyib. Mətbuatda 20 milyard avroluq satışın mümkünlüyündən bəhs edilir. Amma bu məbləğ mənə az görsənir. Çünki yarışın aksiyaları onsuz da 17-18 milyard avro civarındadı. Ona görə də lap satış baş tutsa belə, 20 milyarddan daha çox pul tələb edəcəm. Hər halda gələcəyə ümidlə baxırıq''.

Onu da bildirək ki, ''Liberti Media'' İngiltərə Premyer Liqasının nəhənglərinə də maraq göstərir. Şirkət konkret ''Liverpul'', ''Mançester Yunayted'' və ya ''Tottenhem''dən birinin sahibinə çevrilmək arzusundadı. Bu şirkət həm də Amerikanın tanınmış beysbol komandası ''Atlanta Breyvs''in sahibidi.