Bu mövsüm “Ferrari”nin rəqabətədavamlı bolidinin olmaması komandanın pilotlarının da səviyyəsinin aşağı düşməsinə səbəb olub. Sport24.az xəbər verir ki, artıq yarışlar zamanı onun bolidlərini idarə edənlər də intizamsızlıqları ilə də yadda qalır.

Belə ki, Mayami Qran-prisində Karlos Sayns pit-leynə daxil olarkən sürət həddini aşdığına görə 5 saniyəlik cəriməyə məruz qaldısa, Şarl Lekler sərbəst yürüşlər və təsnifat mərhələsində bolidini baryerlərə çırpmaqla yanaşı, həlledici yarışda da 7-ci yeri tutdu.

Sabiq Formula 1 pilotu Ralf Şumaxer komandada vəziyyətin nəzarətdən çıxmasından gileylənib: “Məlum məsələdir ki, “Ferrari”nin maşını yaxşı deyil, amma istənilən halda, ondan daha artığını almaq olar. Komandanın pilotlarından biri pit-leyndə sürət həddini aşır, digəri qəza ilə yadda qalır. "Uilyams”ın sükanı arxasında belə hoqqadan çıxsaydım, Frenk Uilyams buna görə mənim qulaqlarımı dartardı. Vəziyyət heç də yaxşı deyil”.