Formula 1 üzrə mövsümün 5-ci Qran-prisi start götürüb. Sport24.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində keçirilən yarışın təsnifat mərhələsində sürət həvəskarları maraqlı mübarizənin şahidi olub.

Bir həftə əvvəl Bakıda keçirilən Qran-pridə sprint və həlledici yarışın qalibi olan “Red Bull” pilotu Serxio Peres bu dəfə də diqqət mərkəzinə düşüb. O, bu mövsüm ikinic dəfə poulu ələ keçirib. “Aston Martin” pilotu Fernando Alonso yarışa ikinci sırada başlamaq imkanı əldə edib. “Ferrari”dən Karlos Sayns isə üçüncü olub. Çempionatın lideri Maks Ferstappen isə 3-cü seqmentdə ilk dövrədə yanlışlığa yol verdiyindən uğursuzluqla üzləşib. “Red Bull”un niderlandlı pilotu final mərhələsinə 9-cı sıradan start verəcək. Sərbəst yürüşlərdə qəza edən Şarl Lekler təsnifat mərhələsində də eyni aqibətlə üzləşib. Buna baxmayaraq, “Ferrari”nin monakolu pilotu 7-ci ən yaxşı nəticəsini göstərib. “Mersedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə ikinci seqmentdə mübarizəni dayandıraraq 13-cü yeri tutub.

Həlleidici yarış bu gün 23:30-da start götürəcək və İDMAN TV vasitəsilə canlı yayımlanacaq.