Formula 1 üzrə 2 qat dünya çempionu Fernando Alonso sabiq komandalarını tənqid edib. Sport24.az xəbər verir ki, o, yeni mövsümdən çıxış edəcəyi “Aston Martin”dən danışarkən “Alpin” və “Maklaren”in “bostanına daş atıb”: “Aston Martin”də hamı uğur gözləyir. Doğrudur, onların hər həftə sonu Qran-pri qalibi olmaq təcrübəsi yoxdur, amma nəticə qazanacaqlarına ümid edirlər. Əvvəllər çıxış etdiyim komandalarda bu istəyi görməmişəm. 4-cü yeri tuturduq, sevinirdik, 5-ci yeri tuturduq, bunu bayram edirdik, 7-ci yeri tutanda da eyni hal təkrarlanırdı. “Aston Martin”də isə uğur qazanmayanda bayram yoxdur”.  

Yeri gəlmişkən, bu açıqlamadan sonra “Alpin”in rəhbəri Otmar Zafnauer Alonsonun cavabını verib: “Biz 4-cü yeri tutanda sevinirdiksə, Fernando da bizə qoşulurdu. Çünki ötən mövsüm 5-ci yeri tutmuşduq. Təbii ki, 4-cü pillə bu dəfə bizim üçün uğur sayılmalı idi. “Maklaren” kimi rəqibi arxada qoyursansa, buna sevinməyə haqqın çatır”.