UEFA FİFA prezidenti Canni İnfantinoya qarşı cinayət işi qaldırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, qurum İsveçrə məhkəmələrinə müraciət edərək İnfantinonun dünya çempionatlarının gələcək gəlirlərinin özəl investorlara satılması ilə bağlı uğursuz planında mümkün maliyyə pozuntularının araşdırılmasını tələb etməyi planlaşdırır.

UEFA həmçinin Nyu-Yorkun Manhetten məhkəməsinə müraciət edərək investisiya fondu "Thrive Capital Management"dən sübutların əldə olunmasını istəyib.
Bildirilir ki, Coşua Kuşnerin yaratdığı fond FİFA-nın əsas investoru olmalı və dünya çempionatları da daxil olmaqla, əsas futbol turnirlərinin kommersiya hüquqlarını idarə edəcək xüsusi şirkətin 20 faizlik payına görə 4,2 milyard dollar ödəməli idi.

Sənəddə 4,2 milyard dollarlıq məbləğin İnfantino tərəfindən şəxsi maraqları naminə bazar qiymətindən saxta şəkildə yüksək müəyyənləşdirilmiş ola biləcəyi qeyd olunub.

FİFA prezidenti dünya futbolunun bir sıra rəhbərlərinin, o cümlədən UEFA-nın ciddi etirazlarından sonra sözügedən planı avqustun 1-də dayandırıb.