"Qarabağ"ın futbolçusu Bense Varkonyi Bakıda Niderlandın "Tvente" klubuna əlavə vaxtda 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az həmin müsahibəni təqdim edir:
– Oyunla bağlı nə deyə bilərsən? İlk qoldan sonra nə problem oldu?
– Bu gün onlar bizdən daha çox qol vəziyyəti yaratdılar. Amma hesabı açandan sonra bizim də imkanlarımız oldu. Bir az daha diqqətli olsaydıq, oyunun taleyini elə həmin vaxt həll edə bilərdik. Sonra onlar qol vurdular. Son dəqiqələrdə bilirdik ki, üzərimizə gələcəklər və son dəqiqədə fərqləndilər. Bu, bizim səhvimiz idi. Bəlkə də irəli çıxsaydıq, ofsayd olardı. Amma artıq belədir. İndi diqqətimizi çempionata yönəltməliyik.
– Avrokuboklardan sonra Azərbaycan Premyer Liqasında "Qarabağ"ın şanslarını necə qiymətləndirirsən?
– Bəli, indi bütün diqqətimizi Premyer Liqaya yönəldirik. Bu yarışda qalib gəlmək istəyirik. Əlbəttə, bu, asan olmayacaq. Çünki digər güclü komandalar da var və biz diqqətli olmalıyıq. Daha güclü olmalı, birlikdə hərəkət etməliyik. Mövsümün sonunda ilk "üçlük"də olmaq istəyirik. Hətta təkcə podiumda olmaq yox, ən yüksək pillədə qərarlaşmaq istəyirik.
– "Sabah" bu mövsüm güclüdür. Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcəklər. Səncə, "Qarabağ" çempion olacaq, yoxsa "Sabah"?
– Onlar güclüdürlər.
– "Qarabağ" çempion ola biləcək?
– "Sabah" güclü rəqibdir. Amma digər komandalar da var. "Neftçi", "Zirə" və başqaları. Ona görə də biz oyundan-oyuna irəliləyəcəyik və bütün matçlarda qalib gəlmək istəyirik.