"Andorra ilə oyunda millimizdən yalnız qələbə gözləyirik. Lixtenşteynlə qarşılaşmada yaxaladığımız çoxsaylı qol epizodlarından yalnız birini dəyərləndirə bildik. Ümid edirəm ki, bu dəfə fərqli məzərəyə şahidlik edəcəyik". Bu sözləri Sport24.az-a Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev deyib.

Təcrübəli mütəxəssis millimizin bu gün Andorra ilə keçirəcəyi yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycan millisi Andorra ilə oyunda favorit olsa da, bunu meydanda sübut etməlidir. Rəqibin müdafiəsini yarmaq üçün səbirli və hücumameyilli futbol oynamaq lazımdır. Əsas odur ki, futbolçularımız yaratdıqları qol imkanlarından bu dəfə maksimum yararlansınlar. Ayxan Abbasovun da dediyi kimi, sıx müdafiə olunan komandaya qol vurmaq çətindir. Bu problemin üzərində işləmək lazımdır. Həmişə millidə yerli mütəxəssisin baş məşqçi olmasının tərəfdarı olmuşam. Müqayisə etsək, Fernandu Santuş millimizə nə verdi ki? Ayxan Abbasovun işini müsbət dəyərləndirirəm. Klublarda legionerlərə yerli futbolçulardan daha çox üstünlük verilməsi də müəyyən çətinliklər yaradır".

Rzayev millidə son matçına çıxacaq Emin Mahmudovun yığmadakı çıxışını dəyərləndirib:

"Emin Mahmudov bəyəndiyim futbolçulardan biridir. Milli karyeranı başa vurmaq çətin hissdir. Biz də bu dönəmləri yaşamışıq. Eminin millidə gördüyü işlər danılmazdır. Əvəzolunmaz futbolçu yoxdur. Emindən əvvəl də biz oynayırdıq, bizdən sonra Emin kimi futbolçular gəldi. Amma hazırda millidə Mahmudov səviyyəsində oyunçu görmürəm".

Qeyd edək ki, Enkamp şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu oyun olacaq.