Fransa dördüncü divizionunun meydanlarından Avropanın ən böyük futbol gecələrinə qədər…
"Sabah"ın futbolçusu Orfe Mbina həm sürətli, həm də çətinliklərlə dolu yüksəliş yolu keçib.
Sport24.az xəbər verir ki, ilin əvvəlində həyati təhlükə ilə üzləşən qabonlu hücumçu bu gün karyerasının hər anından zövq alır.
O, "Foot Mercato" nəşrinə həyatını dəyişən ağır sınaqdan danışıb. Fransa mediası futbolçunun həyat hekayəsini geniş şəkildə işıqlandırıb:
"Futbol bəzən inanılmaz hekayələrə şahidlik edir. Orfe Mbina da belə hekayələrin qəhrəmanlarından biridir. Qabonlu hücumçu "Sabah"ın heyətində UEFA Çempionlar Liqasında ilk qolunu vurmağın sevincini yaşasa da, bu nöqtəyə çatmaq üçün çox çətin yollardan keçib.
Belə ki, 26 yaşlı futbolçu ötən ilin yanvarında həyati təhlükə yaradan malyariya ilə mübarizə apararaq xəstəxanada yatırdı. Cəmi iki il əvvəl isə "Old Trafford"dan və Avropanın möhtəşəm futbol gecələrindən çox uzaqda – Fransanın dördüncü divizionunda, "National 2" liqasında çıxış edirdi.
Librevil şəhərində anadan olan hücumçunun bu səviyyəyə çatması üçün xeyli səbir göstərməsi lazım gəlib. "Balma", "Kolomye" və "Beziye" klublarında çıxış edən Qabon millisinin üzvü 2020-ci ildə "Qrenobl"un heyətində Fransa ikinci liqasında – Liqa 2-də peşəkar futbolla tanış olub. Lakin əsas heyətdə möhkəmlənmək üçün real fürsət əldə edə bilmədiyindən karyerasını yenidən Fransanın dördüncü divizionunda, "Bove" klubunda davam etdirməli olub. Məqsədi isə ləng irəliləyən karyerasına yeni təkan vermək idi.
Oise bölgəsində keçirdiyi çətin mövsümdə çempionatda cəmi bir qol vuran Mbina 2022-ci ilin yayında "Şamalyer"ə keçib. Məhz Overn bölgəsində onun karyerasında dönüş nöqtəsi yaşanıb. Gücü və sürəti ilə seçilən hücumçu rəqib müdafiəçilərə çətin anlar yaşadaraq mövsümü qrupunun bombardiri kimi başa vurub. 29 oyunda 17 qol vuran Mbina "Nim Olimpik"in diqqətini çəkib və 2023-cü ilin yayında bu kluba keçib. Bir neçə həftə sonra isə Qabon millisində debüt edib.
Qard bölgəsində keçirdiyi bir mövsümün ardından Sloveniyanın "Maribor" klubuna yollanan futbolçu daha sonra Portuqaliyanın "Uniao de Leiria" komandasında icarə əsasında çıxış edib. Karyerasında yüksəliş yaşayan Mbina qarşıda onu ən ağır sınağın gözlədiyindən xəbərsiz idi.
Həyati təhlükə yaradan malyariya
Ötən ilin yanvarında "Maribor"dan ayrılaraq "Sabah"a keçməyə hazırlaşan Orfe Mbina üçün hər şey qəfil dəyişib. Qabonda ailəsini ziyarət etdiyi məzuniyyətdən qayıdan hücumçu yeni klubuna qoşulduqdan sonra özünü pis hiss etməyə başlayıb. Səhhəti qısa müddətdə pisləşdiyindən Azərbaycan klubunun rəhbərliyi onu təcili xəstəxanaya çatdırmaq qərarına gəlib. Məhz bu qərar futbolçunun həyatını xilas edib.
"Bu xəstəliklə məzuniyyətdən qayıdandan sonra, ailəmi görmək üçün vətənimdə olduğum müddətdə qarşılaşdım. Daha sonra yenidən "Maribor"a qayıtdım, çünki komandadan ayrılmaq üzrə idim. "Sabah"la "Maribor" arasında razılıq əldə olunduqdan sonra Azərbaycana gəldim. Məhz həmin vaxt nəyinsə qaydasında olmadığını hiss etdim. Amma hələ malyariyaya yoluxduğumu bilmirdim. Vəziyyətim həqiqətən pis olduğundan klub məni xəstəxanaya apardı. Məhz orada vəziyyətin ciddi olduğunu və təhlükədə olduğumu anladım. "Sabah" klubu isə bu məsələyə çox düzgün reaksiya verdi və vəziyyəti yüksək səviyyədə idarə etdi. Onlara ömrümün sonunadək minnətdar olacağam", – deyə Qabon millisinin üzvü bildirib.
Lazımi müalicə alan 26 yaşlı futbolçu müəyyən müddətdən sonra yenidən yaşıl meydanlara qayıda bilib. Lakin həyati təhlükə ilə üzləşdiyi hadisədən sonra əvvəlki formasını, oyun ritmini və səviyyəsini bərpa etməli idi. Üstəlik, "Sabah"ın ölkə daxilində böyük hədəfləri var idi.
"Bu sınaqdan sonra futbola qayıtmaq əsl zamanla yarış idi. Çünki klub ilk çempionluğunu qazanmağı və kuboku əldə etməyi qarşısına məqsəd qoymuşdu. Təbii ki, 100 faiz hazır vəziyyətə gəlməyim müəyyən vaxt apardı. Çətin idi, amma əvvəlki səviyyəmə qayıdacağıma bir an belə şübhə etmədim. Çünki hər tərəfdən yaxşı dəstək alırdım. Ancaq belə bir hadisə yaşadıqdan sonra həyata baxışın dəyişməsi qaçılmazdır. İnsan kimi də, futbolçu kimi də inkişaf edirsən. Əvvəllər çox önəm verdiyin bəzi məsələlərə artıq o qədər də həssas yanaşmırsan", – deyə o bildirib.
"National 2"dən Çempionlar Liqasının meydanlarına
Bir neçə ay sonra tale Mbina üçün yeni sürpriz hazırlayıb. "Sabah"ın uğurlu çıxışı və ölkə daxilində qazandığı titullar sayəsində qabonlu futbolçu Azərbaycan klubu ilə Avropanın ən nüfuzlu turnirində iştirak etmək imkanı qazanıb.
Beləliklə, o, əvvəlcə "Old Trafford"da "Mançester Yunayted"ə qarşı meydana çıxıb, daha sonra isə Dortmund "Borussiya"sı ilə üz-üzə gəlib. Cəmi üç il əvvəl Fransanın dördüncü divizionunda oynayan futbolçu üçün bunlar, şübhəsiz, xüsusi anlar olub.
"Cəmi üç il əvvəl hələ "National 2"də çıxış edirdim. Açığı, yaşadıqlarıma, qarşımda bağlanan bütün qapılara nəzər salanda böyük qürur və sevinc hissi keçirirəm. Bu, mənim üçün gözəl qələbə, böyük fəxr və xoşbəxtlikdir. Heç vaxt Çempionlar Liqasında oynayacağımı düşünmüşdümmü? Açığı, bu səviyyəyə qədər yüksələcəyimi düşünmürdüm. Amma peşəkar futbolçu olmaq üçün lazımi keyfiyyətlərə malik olduğumu bilirdim".
Sanki bu hekayə hələ kifayət qədər maraqlı deyilmiş kimi, Orfe Mbina bir neçə gün əvvəl daha bir uğura imza atıb. O, Norveçin "Vikinq" klubuna qarşı oyunda Çempionlar Liqasında ilk qolunu vurub.
Bu qol illər ərzində çəkdiyi əziyyətlərin və apardığı mübarizənin mükafatı olmaqla yanaşı, həyati təhlükə ilə üzləşdiyi hadisədən sonra onun üçün xüsusi məna daşıyıb.
"İlk qolumu "Vikinq"ə qarşı vurdum. Halbuki əslində "Mançester Yunayted"ə "Old Trafford"da və Dortmund "Borussiya"sına qarşı da fərqlənməli idim. Nəhayət, qol vurmaq növbəm norveçlilərlə oyunda çatdı. Həmin an sadəcə xoşbəxt idim. Bu hissi sözlə ifadə etmək belə çətindir. İllər ərzində çəkdiyim əziyyətləri, etdiyim fədakarlıqları və yanvar ayında başıma gələnləri xatırlayanda… Bunu anlamaq üçün yaşamaq lazımdır. Hiss o qədər güclü və sehrlidir ki, insanın özü də baş verənlərə inanmaqda çətinlik çəkir. Amma daxilən inanılmaz sevinc yaşayırdım. Bu qol karyeramın sonunadək mənim üçün xüsusi əhəmiyyət daşıyacaq. Çünki Çempionlar Liqasında ilk qolumdur. Ümid edirəm ki, sonuncu olmayacaq. Həyatdan maksimum zövq alacağıq və gələcəyin bizə nə gətirəcəyini görəcəyik", – deyə Qabon millisinin üzvü bildirib.