Fransa millisinin və "Arsenal"ın keçmiş hücumçusu Tyerri Anri futboldakı qazandığı nailiyyətlərə və oyuna verdiyi töhfəyə görə UEFA Prezidentinin Mükafatına layiq görülüb. Sport24.az xəbər verir ki. bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

 

"Anrinin sürəti, zərifliyi, soyuqanlığı və hücumda bitiriciliyi onu bütün dövrlərin ən böyük hücumçularından birinə və dünya səviyyəli mütəxəssis kimi öz futbol tarixini yazmağa davam edən bir insana çevirib. O, heç vaxt vacib məsələlər barədə danışmaqdan çəkinməyib. O, ayrı-seçkiliyə və irqçiliyə qarşı ardıcıl olaraq çıxış edib, ruhi sağlamlıq problemləri barədə danışıb və çoxsaylı humanitar təşəbbüsləri səxavətlə dəstəkləyib. Onun ehtirası və meydandan kənardakı işi məşhur "damarlarındakı buz"un bütün hekayədən uzaq olduğunu göstərdi. Bunun arxasında isti və mərhəmətli bir ürək dayanır", - deyə UEFA prezidenti Aleksander Çeferin təşkilatın rəsmi saytında bildirib.

 

UEFA 1998-ci ildən Prezident Mükafatını təqdim edir və mükafat alanların həm meydanda, həm də meydandan kənarda bu idmana verdiyi töhfəni qiymətləndirir.

 

Qeyd edək ki, Anri uzun müddət "Arsenal"ın formasını geyinib və London klubunun ən çox qol vuran oyunçusu olub (228 qol). "Topçular"la Premyer Liqanın qalibi olub. O, karyerası ərzində həmçinin "Monako", "Yuventus", "Barselona" (2009-cu il Çempionlar Liqasının qalibi) və "Nyu-York Red Bulls" komandalarında da oynayıb. Fransa millisi ilə 1998-ci ildə dünya çempionatını və 2000-ci ildə Avropa Çempionatını qazanıb. Ümumilikdə, Anri karyerası ərzində 411 qol vurub.