Keçmiş deputat Etibar Əliyev yenə danışıb.
Bu dəfə də özünü ölkə futbolunun problemlərindən anlayan adam kimi təqdim edib və Qurban Qurbanovun istefasını tələb edib. Üstəlik, Qurban Qurbanovun məşqçiliyini müzakirə etməklə kifayətlənməyib, onun əmlakından, avtomobil nömrələrindən, maaşından və ailəsinin təminatından danışıb.
Adamın ağlına ilk gələn sual budur: Etibar Əliyev nə vaxtdan futbol eksperti olub?
Axı biz onu başqa titul ilə tanıyırıq — "təhsil eksperti".
Bu ölkədə "ekspert" sözünü o qədər rahat paylayıblar ki, adam səhər təhsildən danışır, günorta futboldan hökm çıxarır, axşam isə özünü yəqin ki, bütün sahələrin mütəxəssisi hesab edir.
Etibar Əliyevin Qurban Qurbanovun məşqçiliyini bəyənməməsi heç kimi maraqlandırmır. Bəyənməyə bilər. İstefa verməsini də tələb edə bilər. Bu, onun şəxsi fikridir.
Amma məsələ başqadır.
Siz kimsiniz ki, Qurban Qurbanovun illərlə gördüyü işi bir statusla heçə sayırsınız?
Qurban Qurbanov Azərbaycan futbolunda illərdir öz işi ilə danışır. Onun nəticələri var, uğurları var, qazandığı titullar var, Avropada Azərbaycan futbolunun adını tanıtdığı illər var. "Qarabağ"ın Azərbaycan futbolunun Avropadakı simasına çevrilməsində onun müstəsna rolu var.
Bəs Etibar Əliyev?
Onun Azərbaycana nə töhfəsi var?
Heç nə.
Azərbaycan təhsilinə?
Heç nə.
Təhsilin inkişafına?
Yenə heç nə.
Amma maraqlıdır, özünün heç bir əlaqəsi olmayan sahədə illərlə zəhmət çəkmiş insanlara qiymət verməkdə kifayət qədər cəsarətlidir.
Əslində, Etibar Əliyevin Qurban Qurbanova münasibətindən daha maraqlı bir məsələ var: Etibar Əliyevin özünü cəmiyyətə hansı formada təqdim etməsi.
Bir vaxtlar deputat idi.
Amma deputat olduğu illərdə də cəmiyyətin böyük hissəsinin yaddaşında hansısa xüsusi sevgi və rəğbətlə qalan siyasi fiqura çevrilmədi. Əksinə, adı çəkiləndə insanlarda daha çox "yenə başladı" reaksiyası yaradan simalardan biri oldu.
İndi isə deputatlıq yoxdur, amma "ekspertlik" davam edir.
Adını təhsil eksperti qoyub.
Halbuki ekspertlik titul deyil. Ekspertlik özünü elan etməklə əldə olunmur. Ekspertlik illərlə gördüyün iş, ortaya qoyduğun nəticə, peşəkarlıq və həmin sahəyə verdiyin töhfə ilə formalaşır.
Qurban Qurbanovun Azərbaycan futboluna verdiklərini müzakirə etmək üçün əvvəlcə həmin reallığı qəbul etmək lazımdır. Siz isə bir məğlubiyyəti götürüb illərlə görülən işi bir kənara atırsınız. Üstəlik, bununla da kifayətlənmirsiniz.
"Böyük əmlaklar", "maşın nömrələri", "böyük maaş", "özünü və nəslini təmin etmək"…
Bunlar futbol analizidir? Yoxsa şəxsi ittihamlarla diqqət çəkmək cəhdi? Yoxsa deputat olanda sizin əmlakınızı sayıblar deyə eynisini edirsiniz?
Əgər Qurban Qurbanovun gəlirləri ilə bağlı konkret məlumatınız varsa, ortaya qoyun. Sənədiniz varsa, göstərin. Faktınız varsa, danışın.
Yox əgər bunlar sadəcə sosial şəbəkə statusunda yazılan eyhamlardırsa, onda buna "tənqid" adı verməyin.
Çünki tənqid etmək asandır. Özünüzün heç bir töhfə vermədiyiniz sahədə başqasının illərlə gördüyü işi silmək isə lap asandır. Çətin olan Qurban Qurbanov kimi illərlə bir klubun məsuliyyətini daşımaqdır. Çətin olan hər mövsüm nəticə tələb olunan bir mühitdə işləməkdir. Çətin olan Azərbaycan futbolunu Avropada illərlə təmsil etməkdir. Çətin olan öz işinlə ad qazanmaqdır.
Və ən çətini də budur: adını özünə verdiyin "ekspert" titulu ilə yox, gördüyün işlə təsdiqləmək.
Ona görə də cənab Etibar Əliyev, Qurban Qurbanova "ilişməyin", o, dəyərdir. Qurban bəy və komandası "Qarabağ"ı dünyaya marka kimi qəbul etdirən və vaxtilə işğal altında olan Qarabağın Azərbaycana məxsus olduğunu dünyaya sübut edən "diplomatdır".
Qurban Qurbanovun işinə qiymət vermək üçün futbol mütəxəssisi olmaq şərt deyil. Amma heç olmasa insanın öz keçmişinə baxması yaxşı olardı.
Çünki Qurban Qurbanovun uğurları onun arxasınca danışır.
Bəs sizin arxanızca nə danışır?
Bəlkə əvvəlcə bu suala cavab verəsiniz, sonra başqasının istefasını tələb edərsiniz....