Argentina millisinin baş məşqçisi Lionel Skaloni İsveçrə ilə keçiriləcək 2026-cı il dünya çempionatının 1/4 final oyunu öncəsi mətbuat konfransında maraqlı açıqlamalar verib. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis komandasına qarşı qərəzli münasibət barədə səslənən fikirlərə münasibət bildirib.
Skaloni Argentinanın uğur qazanmasını istəməyənlərin çox olduğunu desə də, bunun futbolçularını daha da motivasiya etdiyini vurğulayıb:
"1986-cı ildən bəri hakimlərin bizi dəstəklədiyini deyirlər. Bu, yeni söhbət deyil. Argentina hər zaman turnirlərə rəng qatan komandalardan biri olub. Bəli, qalib gəlməyimizi istəməyən çox insan var və bu, bizim xeyrimizə işləyir. Futbolçular bunu əlavə motivasiya kimi qəbul edirlər. Amma VAR sisteminin olduğu dövrdə hakimlərin hansısa komandanı bilərəkdən dəstəkləməsi çox çətindir".
Skaloni İsveçrənin güclü rəqib olduğunu qeyd edərək, onların fiziki cəhətdən qüvvətli və böyük turnirlərdə təcrübəli komanda olduğunu söyləyib.
Baş məşqçi həmçinin Lionel Messinin fiziki durumundan razı qaldığını bildirib:
"Messi əlindən gələni edir. Təhlükə hiss etdiyi anda sanki maşın kimi işləyir. Motivasiyası olduğu müddətdə dünyanın ən yaxşı futbolçusu olaraq qalacaq".