Səudiyyə Ərəbistanı futbolunun əfsanəsi Hüseyn Əbdülğani, ölkə çempionatının 9-cu çərçivəsində baş tutan "Əl-Nəsr" - "Əl-Əhli" (1:3) oyunundan sonra Kriştiano Ronaldonu tənqid edib. Sport24.az xəbər verir ki, bu barədə "Goal" postalı məlumat yayıb.

 

Əbdülqəni bildirib ki, portuqaliyalı ulduz komanda üçün problemə çevrilib və onun meydandakı real töhfəsini şübhə altına alıb:

 

"Hamı "Əl-Nəsr"in probleminin nə olduğunu bilir, lakin buna göz yumurlar. Hər kəs Ronaldonun vaxtilə böyük futbolçu olduğu ilə razılaşır – amma gəlin bunu bir kənara qoyaq. Əsas sual budur: o, hazırda, xüsusilə də gərgin rəqabətli oyunlarda komanda üçün faydalıdırmı?"

 

Ekspert vurğulayıb ki, hücumçudan yalnız qol vurması gözlənilmir. Onun meydanda yerinə yetirməli olduğu başqa vəzifələri də var:

 

"Qol vurmaq hücumçunun yeganə funksiyası deyil. Başqa vəzifələr də mövcuddur. O, sadəcə qol vurub, oyunun qalan hissəsində komandanın zəif halqası kimi qala bilməz".

 

Əbdülqəni əlavə edib ki, "Əl-Nəsr"ə fərqli tipdə hücumçu – fərdi bacarıqları ilə oyunun taleyini həll edə biləcək bir oyunçu lazımdır:

 

"Ronaldo böyük futbolçudur, lakin artıq komandaya verə biləcəyi heç nə qalmayıb. "Əl-Nəsr"ə 90 dəqiqə ərzində sadəcə meydanda yer tutan biri deyil, məsuliyyəti üzərinə götürüb vəziyyətləri təkbaşına həll edə bilən hücumçu lazımdır".