Serbiya millisi Yunanıstanla oyun zamanı azarkeşlərin irqçi davranışları səbəbindən Millətlər Liqasının 5-ci turunda Almaniyaya qarşı keçirəcəyi matçı boş tribunalar önündə oynayacaq. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti xəbər paylaşıb.

 

Millətlər Liqasının 1-ci turunda Yunanıstanla keçirilən oyundan (1:2) sonra Serbiya Futbol Assosiasiyası azarkeşlərin irqçi və ya ayrı-seçkilik xarakterli davranışları, idman tədbirinə uyğun olmayan şüarların nümayişi, pirotexniki vasitələrdən və digər əşyalardan istifadə, həmçinin tamaşaçıların meydana daxil olması kimi ittihamlarla üzləşib.

 

Nəticədə, UEFA assosiasiyanı hər bir bənd üzrə cərimələyib və milli komandanın növbəti ev oyununu – noyabrın 13-də Almaniyaya qarşı matçı – azarkeşsiz keçirməsi barədə qərar qəbul edib.

 

UEFA həmçinin Niderlandla oyun (1:2) zamanı baş verən irqçi və ya ayrı-seçkilik xarakterli davranışlara görə Serbiya federasiyasını cərimələyib və azarkeşlərə bir səfər oyunu üçün bilet almağı qadağan edib.