"Kəpəz"in qələbəsinə kölgə salmaq istəmirəm. Ancaq "Araz-Naxçıvan"ın oyununu da qeyd etmək lazımdır. Naxçıvan təmsilçisi olduqca zəifdi". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının son turunda "Kəpəz"in "Araz-Naxçıvan" üzərindəki qələbəsini dəyərləndirib. O, Gəncə təmsilçisinin uğurlu çıxışının komandanın real gücü barədə yanlış təsəvvür yaratmamalı olduğunu bildirib:

"Komanda rəqib qapısına zərbə belə endirə bilmirdi. Belə oyunla nəticə qazanmaq çətindir. "Araz-Naxçıvan"dan daha yaxşı çıxış gözləyirdim, amma komanda meydanda heç nə ilə yadda qalmadı. Digər tərəfdən, düşünürəm ki, "Kəpəz"in uğurlu çıxışı bizi aldatmalı deyil. Bəli, komanda qələbə qazanıb, bu, futbolçular üçün yaxşı motivasiyadır. Ancaq çempionat hələ uzundur, qarşıda çoxlu oyunlar var. Bir və ya bir neçə uğurlu nəticəyə əsaslanaraq komandanın ümumi səviyyəsi barədə qəti fikir söyləmək düzgün olmaz. Əsas məsələ bu çıxışı davamlı etmək, hər oyunda eyni əzmkarlığı və istəyi göstərməkdir. "Kəpəz" qarşıdakı matçlarda da bunu bacarsa, o zaman komandanın inkişafından daha inamla danışmaq olar. Çempionatda sabitlik çox vacibdir və əsl göstərici mövsümün sonunda ortaya çıxacaq".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Kəpəz" matçı qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.