"Neftçi"nin futbolçusu Viçko Şevel "Sabah"la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının VII turunun oyunundan sonra Sport24.az-a müsahibə verib.

- Matçla bağlı təəssüratlarınız necədir?
- Məncə, həqiqətən gərgin qarşılaşma oldu. Hər iki komanda üçün çətin oyun idi. Düşünürəm ki, bu gün bəlkə də topa daha az sahib olduq, amma daha real qol imkanlarımız var idi. Fikrimcə, qələbəyə layiq idik. Ümid edirəm ki, azarkeşlərimiz burada qələbə üçün nə qədər mübarizə apardığımızı gördülər və razı qaldılar. Təəssüf ki, bu gün üç xal qazana bilmədik. Amma məncə, yaxşı oynadıq.

- Bəs sizcə, "Neftçi" bu matçda iki xal itirdi, yoxsa sadəcə bir xal qazandı?
- Məncə, biz qazanmalı idik. Çünki daha çox və daha yaxşı imkanlarımız var idi. Son dəqiqədə də çox yaxşı şansımız oldu, amma rəqib qapıçının çox yaxşı seyvi oldu. Ona görə də düşünürəm ki, bu gün iki xal itirdik. Çünki biz daha yaxşı komanda idik.

- Meydanda baş verən insidentlə bağlı soruşmaq istərdim. Futbolçular arasında nə baş verdi?
- Düzünü desəm, nə baş verdiyini görmədim. Sadəcə yaxınlaşdım və gördüm ki, nəsə baş verir. Kim kimi itələdi, kim kimə zərbə vurdu – bilmirəm. Hələ də nə baş verdiyindən xəbərim yoxdu. Epizoda yenidən baxmalıyam. 

- Çempionatdakı növbəti matçda "Qarabağ"la üz-üzə gələcəksiniz. Həmin oyun barədə nə düşünürsünüz?
- Bəli, indi bərpa olunmalı və "Qarabağ"la oyuna hazırlaşmalıyıq. Qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu, həqiqətən yaxşı komandadır. Amma biz "Neftçi"yik və hər oyuna qələbə üçün çıxırıq. Ümid edirik ki, qalib gələcəyik.

- Ardıcıl olaraq "Sabah" və "Qarabağ" kimi iddialı komandalara qarşı oynamaq necədir?
- Təqvim belədir. Hamı ilə oynamalısan. Ona görə də bəlkə belə güclü komandalarla ardıcıl oynamaq daha yaxşıdır.