Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Millətlər Liqasının ilk turunda Uelslə keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, 40 yaşlı hücumçu Roberto Martinesin komandadakı fəaliyyətindən, yeni baş məşqçi Jorje Jesusdan, milli komandadan ayrılma ehtimalından və 1000-ci qol hədəfindən danışıb.

Ronaldo Martinesin Portuqaliya millisində gördüyü işləri yüksək qiymətləndirib:

"Roberto Martinesə əla iş gördüyü üçün təşəkkür edirəm. Xarici ölkədən olan məşqçi kimi burada işləmək bəzən çətin olurdu. Ona qarşı davamlı hücumlar edilirdi. İndi isə yeni dövrdür. Jorje Jesusun əla iş görəcəyinə əminəm".

Portuqaliyalı futbolçu yeni baş məşqçinin seçimindən də razı olduğunu bildirib:

"Düşünürəm ki, mükəmməl seçim edilib. Keçmiş keçmişdə qaldı. İndi fərqli hava, anlayışlar və taktika var. Hamımız əminik və ümidliyik ki, hər şey yaxşı olacaq. Bu, uzunmüddətli layihədir və məşqçiyə ən yaxşısını arzulayıram".

Ronaldo onu tənqid edən şəxslər barədə də danışıb. O, bəzi media nümayəndələrinin illərdir ona qarşı olduğunu söyləyib:

"Bəzi kanallar məni illərdir hədəfə alır və məhv etməyə çalışırlar. Amma bunun heç bir şansı yoxdur. Bunun üçün hətta ov tüfəngi lazım olardı, onda belə güllədən yayına bilərdim. Artıq buna öyrəşmişəm. Mənə sevgi göstərən insanları isə yadda saxlayıram".

Təcrübəli hücumçu milli komandadan nə vaxt ayrılacağını açıqlamayıb. Bununla belə, qərar verdiyi zaman bunu ictimaiyyətə bildirəcəyini deyib:

"Bilmirəm. 30 yaşdan sonra anı yaşamağı və sabahı düşünməməyi öyrəndim. Bunun nə vaxt baş verəcəyini bilmirəm. Amma qərarımı bütün dünyaya açıqlayacağam".

Ronaldo 1000-ci qoluna çatmaq istəyindən də danışıb. O, bu hədəfə mütləq çatacağını bildirib:

"1000 qola çatmaq istəyirəm və çatacağam. Bu, mənim üçün təzyiq deyil. Belə olsaydı, işlər istədiyim kimi alınmazdı. Gündəlik həyatdan zövq almağa çalışıram. Amma bu rekorda çatmağı çox istəyirəm".

Ronaldo milli komandada qalmasının əsas səbəbinin Portuqaliyaya olan sevgisi olduğunu bildirib:

"Əgər məşqçi mənə ehtiyac duymasa, bu gün belə gedə bilərəm. Milli komandada heç nə vermədiyimi, qol vurmadığımı, pis atmosfer yaratdığımı və ya məni istəmədiklərini hiss etsəm, çantamı götürüb gedən ilk şəxs mən olaram. Portuqaliyalılar mənə ehtiyac duyduqları üçün buradayam. Başqa marağım yoxdur".

O, 1000-ci qolunu harada vurmaq istədiyinə də aydınlıq gətirib:

"Əlbəttə, milli komandada. Bu, tortun üzərindəki gilas olardı. Daha bir gözəl hekayənin kulminasiyası olardı".

Qeyd edək ki, Portuqaliya – Uels qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.