"Millimizin Tacikistan ilə oyunu sönük keçdi. Komandalar qol vəziyyəti yaratmaqda çətinlik çəkirdilər". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis dünən baş tutan Azərbaycan - Tacikistan matçını şərh edib:
"Görünən odur ki, hər iki komandanın oyun quruculuğunda hələ görüləsi çox işi var. Hücumların təşkilində və son nöqtənin qoyulmasında müəyyən problemlər nəzərə çarpdı. Bir çox futbolçularımızın oyun praktikasının olmaması da açıq-aydın görünürdü. Amma nəzərə almaq lazımdır ki, bu, Millətlər Liqasına hazırlıq xarakterli oyun idi və Litva ilə qarşılaşma öncəsi bir növ baxış xarakteri daşıyırdı. Baş məşqçi üçün futbolçuları yoxlamaq baxımından da bu oyunun böyük əhəmiyyəti var idi. Litva ilə qarşılaşma bundan daha çətin olacaq. Oyun baxımından problemlərimiz kifayət qədər çoxdur və bunların üzərində işləmək lazımdır. Ümid edirəm ki, Litva ilə qarşılaşmada daha yaxşı və sürətli oyun nümayiş etdirən komanda görəcəyik. Qarşıdakı matçda, ümumiyyətlə, Millətlər Liqasında komandamıza uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan - Tacikistan görüşü millimizin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yığma növbəti oyununu UEFA Millətlər Liqasında Litva ilə səfərdə və evdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.