Cənubi Koreya millisinin baş məşqçisi Hon Myunq-Bo vəzifəsindən istefa verib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis 2026-cı il dünya çempionatında komandanın qrup mərhələsində mübarizəni dayandırmasından sonra bu qərarı qəbul edib.

Hon Myunq-Bo keçirdiyi mətbuat konfransında bildirib ki, çalışdığı müddətdə verdiyi bütün qərarları Cənubi Koreya futbolunun maraqlarını düşünərək qəbul edib:

"Son iki ildə hər dəfə heyəti müəyyənləşdirərkən, məşqləri və oyunları planlaşdırarkən özümə eyni sualı verirdim: "Bu, Koreya futbolu üçün doğru seçimdirmi?" Bütün qərarlarımın düzgün olduğunu deyə bilmərəm, amma onların hamısını ölkə futbolunu düşünərək vermişəm".

O, istefasından sonra da milliyə dəstəyini davam etdirəcəyini vurğulayıb:

"Millini bütün qəlbimlə dəstəkləyəcəyəm və komandanın yenidən xalqın etimadını qazanacağına inanıram".

Hon Myunq-Bonun istefası Cənubi Koreya Prezidenti Li Ce Myunun sərt tənqidlərindən bir neçə saat sonra rəsmiləşib. Prezident komandanın çıxışını "bacarıqsız rəhbərliyin nəticəsi" adlandıraraq azarkeşlərdən üzr istəyib.

Qeyd edək ki, Cənubi Koreya DÇ-2026-nın A qrupunda Meksika və Cənubi Afrikaya 0:1 hesabı ilə uduzub, yalnız Çexiyaya 2:1 qalib gəlib və qrup mərhələsində mübarizəni başa vurub.