İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, qarşıdakı mövsümdə Premyer Liqada mübarizə aparacaq klub nigeriyalı yarımmüdafiəçi Frank Onyeka və norveçli müdafiəçi Kristoffer Ayeri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Onyeka Danimarkanın “Midtyulland” klubundan transfer olunub. İngiltərə təmsilçisi bu keçidə qarşı sözügedən kluba 10 milyon avro ödəyib. Nigeriya yığmasında da çıxış edən 23 yaşlı futbolçu, “Midtyulland”ın öz yetirməsidir. O, bu komandanın heyətində 123 matça çıxıb, 17 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Ayer isə Şotlandiyanın “Seltik” klubundan transfer olunub. “Brentford” 23 yaşlı müdafiəçinin keçidinə görə sözügedən kluba 13.5 milyon avro ödəyib. Bu isə İngiltərə klubunun tarixindəki ən bahalı transferdir.

Norveç yığmasının da üzvü olan mərkəz müdafiəçisi ölkəsinin “Start” klubunun yetirməsidir. O, “Seltik”ə 2016-cı ildə transfer olunub. Şotlandiya təmsilçisində bütövlükdə 176 oyuna çıxan futbolçu, 6 qol da vurub. O, 2017-ci ildə “Kilmarnok”da icarədə də oynayıb.