"Real"ın baş məşqçisi Joze Mourinyo azarkeşlərin komandanın oyununda nə vaxt ciddi irəliləyiş görə biləcəklərini açıqlayıb. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə AS nəşrinə açıqlama verib:
"Mən üç ay vaxt istəyirəm, halbuki başqaları on il tələb edir... Bəlkə də fikrimi düzgün ifadə etməmişəm. Demək istəyirəm ki, üç aydan sonra bugünkündən daha yaxşı səviyyədə olmağımızı arzulayıram, lakin həmin vaxta qədər komandanı inanılmaz səviyyəyə çatdıracaq sehrli çubuğum yoxdur.
Əsas məqsəd hər oyunda və hər məşqdə inkişaf etməkdir. Komanda birlikdə daha çox vaxt keçirdikdə və eyni məşqçi ilə daha uzun müddət işlədikdə, güclənmək şansı daha yüksək olur".
Qeyd edək ki, 5 turdan sonra aktivində 12 xal olan "Real" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.