"Mançester Yunayted"in 16 yaşlı hücumçusu Cozef Qabriel karyerasını yalnız "Real"da davam etdirmək niyyətindədir. Onun nümayəndələri artıq maraqlı olan bütün klublara oyunçunun qəti qərarı barədə məlumat veriblər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Qabrielin nümayəndələri onu heyətinə qatmaq istəyən aparıcı klublara rəsmi şəkildə bildiriblər ki, futbolçu yalnız Madrid klubuna keçməyi nəzərdən keçirir.

 

Hazırda tərəflər mümkün sövdələşmənin şərtləri ilə bağlı danışıqlar aparırlar və yaxın gələcəkdə razılaşmanın yekunlaşacağı gözlənilir.

 

Xatırladaq ki, sentyabrda Cozef Qabriel "Mançester Yunayted"ə komandadan ayrılmaq istədiyini bildirib.

 

Oyunçuya "Barselona", PSJ və "Bavariya" da maraq göstərirdi. Qabriel komandadan ayrılacağı təqdirdə, "Mançester Yunayted" yalnız onun inkişafına görə kompensasiya almaq hüququna malik olacaq.

 

Qeyd edək ki, 16 yaşlı hücumçu ötən mövsüm "Mançester Yunayted" Akademiyasında "ilin oyunçusu" seçilib. O, liqada hər oyuna orta hesabla bir qol vurub, həmçinin İngiltərə Gənclər Kubokunda (FA Youth Cup) üç dəfə fərqlənib.