Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) "Gold Cup" turnirinin qrup mərhələsində islahat aparıldığını elan edib. bu dəyişiklik 2027-ci il turnirindən etibarən qüvvəyə minəcək. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Ənənəvi olaraq hər birində dörd komanda olan dörd qrupun əvəzinə, iştirakçılar hər birində səkkiz milli komanda olmaqla iki qrupa bölünəcəklər.
UEFA Çempionlar Liqasında tətbiq olunan "İsveçrə modeli" ilə müqayisə edilən bu yeni format, turnirin ilkin mərhələlərində daha çox yüksək səviyyəli qarşılaşmaların baş tutmasını təmin etmək məqsədi daşıyır. Hər komanda qrup mərhələsində üç deyil, dörd oyun keçirəcək və rəqiblər səbətlərdəki yerləşməyə əsasən müəyyən olunacaq. Hər qrupda ilk dörd yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, turnir 2027-ci il iyunun 17-dən iyulun 11-dək keçiriləcək, püşkatma mərasimi isə aprelin 8-nə təyin olunub. Millətlər Liqası və ilkin seçmə mərhələsi vasitəsilə müəyyən edilən 15 KONKAKAF (CONCACAF) milli komandası ilə yanaşı, turnirdə dəvət olunmuş bir komanda – Səudiyyə Ərəbistanı da iştirak edəcək.
Qeyd edək ki, 2025-ci ildə "Qızıl Kubok"un (Gold Cup) qalibi Meksika olub.