"Təbii ki, bütün turnirlərdə olduğu kimi, bu seçmə mərhələdə də əsas məqsədimiz baxımlı futbol sərgiləmək, layiqli mübarizə aparmaq və qrupdan çıxaraq növbəti mərhələyə yüksəlməkdir". Bu sözləri Sport24.az-a U-17 millisinin baş məşqçisi Emin Mustafayev deyib.

Gənc mütəxəssis noyabrın 9-dan 18-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsində yığmanın qarşılaşacağı rəqibləri dəyərləndirib:

"Almaniya futbolu haqqında çox danışmağa ehtiyac yoxdur. Bu ölkə dünya futbolunda sözünü demiş güclü futbol ənənələrinə malikdir. Şimali İrlandiya və Litva millilərinin isə də inkişaf mərhələsində olduğunu deyə bilərik. Hər üç rəqibimiz kifayət qədər layiqli və güclü olsa da, asanlıqla təslim olmaq fikrində deyilik. İlk oyunumuz ev sahibi Almaniyaya qarşı olacaq. Özünəməxsus oyun üslubuna malik almanlar daha çox dominant futbol sərgiləyən, ön xətdə təzyiq göstərməyi sevən güclü rəqibdir. Şimali İrlandiya və Litva millilərinin isə bir-birinə bənzər oyun üslubuna malik olduğunu deyə bilərik. Hər iki komanda daha çox atletik futbola üstünlük verir, uzun ötürmələrdən və ikinci toplardan istifadə edir. Bu rəqiblərə qarşı da müəyyən planlarımız var".

Qeyd edək ki, Millimiz noyabrın 11-də Almaniya, 14-də Şimali İrlandiya, 17-də isə Litva yığması ilə qarşılaşacaq.