Misli Premyer Liqasının XI turunda bu gün "Neftçi" "Kəpəz"i qəbul edəcək. Sport24.az xəbər verir ki, Palms Sports Arena-da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Komandalar indiyədək ölkə çempionatları tarixində 66 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 33-də Bakı təmsilçisi, 21-də isə Gəncə klubu qələbə qazanıb. Daha 12 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Neftçi"nin üstünlüyü var – 111:66.

"Ağ-qaralar" rəqibinə qarşı son 3 Premyer Liqa oyununda qələbə qazanıb. "Kəpəz" isə bu rəqibə qarşı çempionatdakı son 11 səfər matçında meydanı üç xalla tərk edə bilməyib.

Maraqlı məqam ondan ibarətdir ki, Gəncə təmsilçisi Bakıda "Neftçi" üzərində çempionatdakı sonuncu qələbəsini 2016-cı ilin martında qazanıb. Həmin vaxtdan paytaxt təmsilçisi öz meydanında rəqibinə uduzmayıb.

Qeyd edək ki, "Neftçi" 21 xalla turnir cədvəlinin lideridir. Bir oyun az keçirən "Kəpəz" isə 17 xalla 5-ci pillədə qərarlaşıb.