Emin Mahmudov Andorra ilə keçiriləcək yoldaşlıq oyunundan sonra Azərbaycan milli komandasındakı karyerasını başa vuracaq. Sport24.az xəbər verir ki, kapitan bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib. 34 yaşlı yarımmüdafiəçi hər kəsə təşəkkürünü bildirib:
"Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşürəm: Azərbaycan milli komandasındakı karyeramı başa vururam.
Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi. Bu illər mənə unudulmaz anlar, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyim duyğular bəxş etdi.
Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşşəkür isə hər zaman dəstəyini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq.
Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram".
Hər şey üçün təşəkkür edirəm".