İrlandiyanın Baş naziri Mixol Martin İsrail Futbol Assosiasiyasının İrlandiya yığmasının baş məşqçisi Heymir Hallqrimsson haqqında səsləndirdiyi bəyanatları "qəbuledilməz" adlandırıb. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb:
"Bunlar qəbuledilməz ifadələrdir və geri götürülməlidir. Bizim mövqeyimiz çox aydındır. BMT-nin Baş katibi Antonio Quterreş də bu səhər təkrar vurğuladı ki, o, həyatı boyu Həmas-ın dəhşətli hücumundan sonra İsrail hökumətinin Qəzzada apardığı müharibədə şahidi olduğu ölüm və dağıntı səviyyəsi və miqyası kimi bir mənzərəni heç vaxt görməyib.
Bizim məşqçimiz də eyni şeyi deyir. İsrail bütün dünyanın bildiyi və anladığı faktları inkar etməyə davam edə bilməz".
Xatırladaq ki, İsraillə Millətlər Liqası oyunları ərəfəsində islandiyalı məşqçi komandasının "soyqırıma qarşı" oynadığını bildirmişdi. İsrail Futbol Assosiasiyası onun bu fikirlərinə belə reaksiya verib: "Biz bir çox sahələrdə dünya və bəşəriyyətin inkişafına böyük töhfələr vermiş, bunun müqabilində çoxsaylı Nobel mükafatları qazanmışıq. Təəssüf ki, İrlandiya yığmasının məşqçisinin nümayiş etdirdiyi axmaqlıq, cəhalət və ikiüzlülüyə qarşı hələ heç bir dərman tapmamışıq".
Qeyd edək ki, UEFA İrlandiyanın püşkatma prosesi zamanı İsrail ilə eyni qrupda yer almaq istəmədikləri ilə bağlı müraciətini rədd edib.