"Mətbuatda yazılan xəbərlər həqiqəti əks etdirmir. Mən işimin başındayam. Rəşad Babayevin (klubun meneceri) mətbuata açıqlamasını görmüşəm. Dərhal onunla əlaqə saxladım. Dedi ki, belə söz deməyib". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqada mübarizə aparan "Xankəndi"nin baş məşqçisi Zaur Hacıyev deyib.

 

Hacıyev onu da bildirib ki, qısa istirahətdən sonra bu gün komandanı məşqə çıxaracaq:

 

"III turda MOİK-ə məğlubiyyətdən sonra futbolçulara istirahət vermişdik. Artıq bu gündən məşqlərimizi bərpa edirik. Milli komandalara görə yaranan fasilədə hazırlıq proqramını yazıb rəhbərliyə təqdim etmişik. Onu da bildirim ki, fasilə dönəmində İki yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq. yenə təkrarlayıram: baş məşqçi kimi işimi davam etdirirəm. Yayılan xəbərlər isə doğru deyil. Məşqçi işi hamıya məlumdur, hər zaman hər şeyə hazır olmaq lazımdır. Rəhbərlik nə qərar versə, ona hörmətlə yanaşacam".

 

Qeyd edək ki, ötən gün "Xankəndi"nin meneceri Rəşad Babayev mətbuata açıqlamasında baş məşqçi Zaur Hacıyevlə yollar ayırdıqlarını və yeni baş məşqçi axtarışına çıxdıqlarını bildirib.