İngiltərə Futbol Assosiasiyası (FA) videotəkrar sistemindən (VAR) istifadə protokolunu dəyişdirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Britaniya futbolunun idarəetmə orqanı məşqçilərin tələb üzrə sistemdən istifadəsinə icazə verməyi nəzərdən keçirir.
Oyunlar zamanı gecikmələri azaltmaq məqsədilə hakim qərarlarını nəzərdən keçirmək üçün "məşqçi çağırışı" sisteminin tətbiqi təklif olunub. Məşqçilərə videotəkrar çağırışını nəzərdən keçirmək üçün hər oyunda iki cəhd veriləcəyi planlaşdırılır.
Oxşar sistem artıq digər idman növlərində, xüsusən də Amerika futbolunda (NFL) və reqbi liqasında istifadə olunur. Faktiki qərarların (ofsaydlar, meydandan kənar vəziyyətlər) avtomatik olaraq nəzərdən keçirilməyə davam edəcəyi, subyektiv qərarların (qayda pozuntuları, əl topları və şübhəli təmaslar) isə yalnız məşqçinin tələbi ilə nəzərdən keçirilə biləcəyi gözlənilir.
Tələbdən istifadə etmək üçün məşqçilər dördüncü hakimə işarə verməlidirlər.
Qeyd edək ki, FA-nın baş katibi Mark Bullingam bu yanaşmanı araşdırmaqda maraqlı olduqlarını təsdiqləyib.