UEFA "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan “Ferentsvaroş”u cəzalandırıb. Sport24.az xəbər verir ki, buna səbəb Budapeşt klununun azarkeşlərinin həmin turnirin II təsnifat mərhələsinin “Slovan”la Bratislavadakı görüşündə irqçi davranışları olub.
Bu üzdən “Ferentsvaroş” 15 min avro cərimə ödəyəcək. Bundan başqa, “Qarabağ”la qarşıdakı ev matçında stadion azarkeşlər üçün qismən bağlı olacaq. Bu, matç baş tutacaq arenanın B tribunasında ən azı 1000 boş oturacaq deməkdi.
"Qarabağ"la avqustun 11-dəki "Groupama Arena"da görüşdə “Ferentsvaroş” üzərində UEFA loqosu olan #NoToRacism yazısı olan pankart yerləşdirməlidi. Həmçinin qərara əsasən qitə futbol qurumu yenə də irqçi davranışa görə macarlara komandanın avrokuboklarda növbəti səfər matçı üçün azarkeşlərinə bilet satmağı qadağan edib.
“Ferentsvaroş” daha 50 min avro məbləğində cərimələnib ki, bunu da azarkeşlərin atəşfəşanlıqdan istifadəsinə, sahəyə yad əşyalar atmasına, təhqiredici xarakterli təxribatçı qışqırıqlarına görə ödəməli olacaq. Macarlar 30 gün ərzində Slovakiyadakı stadionda sınmış 20 oturacaq üçün "Slovan"a dəymiş ziyanı ödəməli olacaqlar.
Xatırladaq ki, "Ferentsvaroş" "Slovan"la səəfr matçıda qazandığı 4:1 hesablı qələbəylə "Qarabağ"a rəqib olub.