"Real"ın keçmiş ulduzu Eden Azar İspaniya nəhəngindəki karyerası ilə bağlı maraqlı etiraflar edib. Sport24.az xəbər verir ki, belçikalı sabiq futbolçu "Canal Plus" telekanalına müsahibəsində Madrid klubuna keçidindən, orada yaşadığı uğursuzluqlardan və nömrə qalmaqalından danışıb.
Azar mətbuatın onu Kriştianu Ronaldonun əvəzləyicisi kimi görməsindən narahat olduğunu bildirib:
"Media məni Ronaldonun varisi kimi təqdim edirdi. Amma mənim oyun tərzim tamamilə fərqli idi. Mən mövsümdə 60-70 qol vuran futbolçu deyildim. Karyeram boyunca belə statistikaya heç yaxınlaşmamışam da. Mən ora Ronaldonun yerini almaq üçün yox, Eden kimi oynamaq üçün getmişdim. Təəssüf ki, hər şey istədiyim kimi alınmadı".
Sabiq vinger zədələrin onun "kral klubu"ndakı çıxışına ciddi təsir etdiyini etiraf edib. O, xüsusilə ilk mövsümdə ayaq biləyində yaranan mikro sınığın sonrakı performansını tamamilə alt-üst etdiyini qeyd edib.
Azar həmçinin Madrid klubundakı forma nömrəsi ilə bağlı maraqlı bir sirrin üstünü açıb:
"Mən əslində 7 nömrəli formanı geyinmək istəmirdim. Luka Modriçin 10 nömrəli formasını istəyirdim. Düşünürdüm ki, buyur, götür deyəcək, amma vermədi".