"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempionluq yarışı ilə bağlı maraqlı və səmimi açıqlamalar verib. Sport24.az xəbər verir ki, London təmsilçisi son turda "Börnli"ni 1:0 hesabı ilə məğlub etdikdən sonra qızıl medallara bir adım da yaxınlaşıb.

​"Topçular"ın vaxtından əvvəl çempion olması üçün indi bütün ümidlər "Bornmut"a qalıb. Əgər "Mançester Siti" çərşənbə axşamı keçiriləcək təxirəsalınmış matçda səfərdə "Bornmut"u məğlub edə bilməsə, "Arsenal" çempionluğunu elan edəcək.

Mikel Arteta uşaqlıq dostu olan "Bornmut"un baş məşqçisi Andoni İraolaya böyük ümid bəslədiyini gizlətməyib:

"Andoni, onun futbolçuları və azarkeşləri üçün hamımız indi "Bornmut"luyuq. Çünki bu matçın nəticəsinin bizim üçün nə demək olduğunu yaxşı bilirik. İraolanın klubda etdikləri inanılmazdır. Komandanın göstərdiyi oyun böyük hörmətə layiqdir. Düşünmürəm ki, onların "Siti" ilə matçda əlavə motivasiyaya ehtiyacı var".

İspaniyalı mütəxəssis çempionluğun taleyini həll edə biləcək "Mançester Siti" –
"Bornmut" qarşılaşmasını komanda ilə birlikdə izləməyəcəyini və həyəcandan sona qədər baxa bilməyəcəyini etiraf edib:

"Bilmirəm oyuna nə qədər baxa biləcəm. Televizorun qarşısında olacam, amma matçı sona qədər izləyə biləcəyimə əmin deyiləm".