"Şəfa"nın kapitanı Tərlan Quliyev Sport24.az-a müsahibə verib.


- Birinci Liqada çempion olub Premyer Liqaya vəsiqə qazandınız. Hansı hisslər keçirirsiz?
- Azarkeşlərimizi, komandamızı və klub rəhbərliyini təbrik edirəm. Çox gözəl kollektivimiz var. Bu heyətdə kapitan olmaq xüsusi hissdir. Çempionluğa layiq idik və istəyimizə çatdıq.


- Mövsümü necə dəyərləndirirsiniz? Çempionluq yolunda hər hansı çətinliklə üzləşdiz?
- Bu hissləri sözlə ifadə etmək çox çətindi. Bu, mənim karyeramda 10-cu kubokdur. Daha əvvəl "Neftçi", "Qarabağ" və "Keşlə" ilə də titullar qazanmışam. Mövsüm ərzində bütün rəqiblər bizə qarşı ciddi mübarizə aparırdı. Buna baxmayaraq, böyük xal fərqi ilə çempion olduq. Əslində, 2-3 tur əvvəl də qızıl medalları təmin edə bilərdik.


- Digər rəqiblərin sizinlə sona qədər rəqabət apara bilməməsinin səbəbi nə idi?
- Məncə, rəqiblər də kifayət qədər güclü idi. "Səbail" və "Mingəçevir" kimi komandalarda Premyer Liqa təcrübəsi olan futbolçular çıxış edirdi. Bəzi oyunlarda qələbə qazana biləcəyimiz halda heç-heçə etdik. Yəni mövsüm düşündüyümüz qədər asan keçmədi.

 

- "Şəfa"nın Premyer Liqadakı əsas məqsədi nə olacaq?
- Düşünürəm ki, ilk növbədə daha güclü və mübariz komanda formalaşdırmaq lazımdır. Debüt mövsümdə ilk "üçlük" uğrunda mübarizə aparacağımızı demək düzgün olmaz. Amma əlimizdən gələni edəcəyik ki, üst pillərdə qərarlaşaq, azarkeşlərimizi uğurlu nəticələrlə sevindirək.


- Komandada qalacaqsınız? Yeni müqavilə təklif olunub?
- Açığı, hələ rəsmi təklif olmayıb. Amma klub rəhbərliyi və məşqçilər korpusu məndən razı olduqlarını bildiriblər. Zamanla hər şey bəlli olacaq.