Misli Premyer Liqasının XII turunda bu gün "Kəpəz" "Qarabağ"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Komandalar indiyədək Azərbaycan çempionatları tarixində 64 dəfə üz-üzə gəliblər.
Bu görüşlərin 16-da Gəncə təmsilçisi, 36-da isə Ağdam klubu meydanı üç xalla tərk edib. Daha 12 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var – 103:64.
Bununla belə, son oyunların statistikası "Kəpəz"in xeyrinədir. Belə ki, "Qarabağ" Premyer Liqada Gəncə təmsilçisinə qarşı keçirdiyi son iki qarşılaşmadan xalsız ayrılıb.
Ötən mövsüm Azər Bağırovun rəhbərlik etdiyi "Kəpəz" bu rəqibini hər iki görüşdə məğlub etməyi bacarıb. Gəncəlilər əvvəlcə 2:0, daha sonra isə 1:0 hesablı qələbəyə seviniblər.
Hazırda Azər Məmmədovun baş məşqçisi olduğu "Kəpəz" 17 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. "Qarabağ" isə 19 xalla beşinci yerdədir. Bu baxımdan bugünkü qarşılaşma komandaların turnir cədvəlindəki mövqeləri baxımından da xüsusi əhəmiyyət daşıyır.