II Liqada mübarizə aparan Şəmkir PFK-nın vitse-prezidenti Əli Qədimov komandanın son oyunlardakı nəticələri, transfer planları və doğma stadiona qayıdış məsələsi ilə bağlı "Şəmkir 57" səhifəsinin suallarını cavablandırıb.
Sport24.az həmin müsahibəni təqdim edir:
– Əli bəy, baş məşqçi Fərid Məmmədov son açıqlamasında komandanın 50 faizinin meydanda olmadığını bildirib. Siz də məğlubiyyətlərin əsas səbəbini heyət itkilərində görürsünüz?
– Bəli, baş məşqçimiz Fərid Məmmədovun fikirləri ilə tamamilə razıyam. Hazırda komandamızın əsas 4-5 futbolçusu müxtəlif səbəblərdən meydanda ola bilmir. Bu da təbii ki, istədiyimiz nəticələrə təsir göstərir. Fərid müəllimin də qeyd etdiyi kimi, əsas oyunçularımızın yoxluğunda daha çox gənc futbolçulara şans veririk. Buna baxmayaraq, komandamız mübarizə aparır və heç bir rəqib üçün asan rəqib deyilik. Bizi məğlub etmək heç də asan deyil.
– Ardıcıl iki turdur komanda məhz əlavə olunmuş dəqiqələrdə qol buraxaraq xal itirir. Bunun səbəbi nədir?
– Məncə, bunun əsas səbəbi yenə də heyət problemimizlə bağlıdır. Əsas futbolçularımızın yoxluğu oyunun son dəqiqələrində özünü daha çox göstərir. Təəssüf ki, ehtiyat oyunçularımızın sayı və seçim imkanlarımız məhduddur. Oyunun gedişində dəyişiklik edərək komandaya əlavə güc vermək və ya hesabı qorumaq üçün istədiyimiz alternativlərə sahib deyilik. Buna görə də son dəqiqələrdə xal itkiləri ilə üzləşirik.
– Qış fasiləsində heyətə yeni futbolçular cəlb ediləcəkmi?
– Bəli, qış transfer pəncərəsində komandamızı 6-7 keyfiyyətli futbolçu ilə gücləndirməyi planlaşdırırıq. Artıq bir sıra futbolçularla danışıqlar aparılır. Qeyd edim ki, namizədlər arasında I Liqada çıxış etmiş və təcrübəsi olan oyunçular da var. Məqsədimiz ikinci dövrəyə daha güclü heyətlə başlamaq və komandamızın nəticələrini yaxşılaşdırmaqdır.
– Mövsümün əvvəlində qarşıya qoyulan hədəfdə hər hansı dəyişiklik varmı?
– Mövsümün əvvəlində büdcəmizi nəzərə alaraq əsas məqsədimiz liqanı ilk 6 pillədə başa vurmaq idi. 11 turdan sonra bu hədəfimizdə heç bir dəyişiklik yoxdur. Hələ də buna nail olmaq üçün şansımız var. İnanıram ki, qış fasiləsindən sonra daha güclü heyətlə ikinci dövrəyə başlayaraq qarşımıza qoyduğumuz məqsədə çatacağıq.
– Azarkeşləri ən çox maraqlandıran məsələ komandanın doğma Şəmkirdə oynamasıdır. Stadionla bağlı son vəziyyət necədir?
– Şəmkirdə oynamaq bizim də ən böyük arzularımızdan biridir. Lakin bunun üçün ilk növbədə stadionda müəyyən təmir və yenidənqurma işləri aparılmalıdır. Əsasən ot örtüyünün vəziyyəti yaxşılaşdırılmalı, paltardəyişmə otaqları lazımi vəziyyətə gətirilməlidir. Bu problemlər aradan qaldırılarsa, biz də doğma şəhərimizə qayıdaraq öz azarkeşlərimizin önündə oynamağa tam hazırıq. İnanırıq ki, bu məsələ tezliklə öz həllini tapacaq.
– Sonda 23 noyabr tarixində keçiriləcək "Şəmkir - Ağdaş" oyunu ərəfəsində şəmkirli azarkeşlərə nə demək istərdiniz?
– İlk növbədə qeyd etmək istəyirəm ki, hazırda ev oyunlarımızı Şirvan şəhərində keçiririk. Bu məsələdə bizə dəstək olan Şirvan Olimpiya İdman Kompleksinin rəhbərliyinə və Şirvan PFK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Şəmkirli azarkeşlərimizə isə demək istəyirəm ki, Şirvan Şəmkirdən o qədər də uzaq deyil. Bütün şəmkirliləri növbəti turda Ağdaşla oyunda tribunada komandamızın yanında görmək bizi çox sevindirər. Bu komanda hamımızındır və sizin dəstəyinizə ehtiyacımız var. İnanıram ki, birlikdə daha böyük uğurlara imza atacağıq!