Mövsümün sonunda "Sumqayıt"ın Saşa İliçlə yollarını ayıracağı artıq dəqiqləşib və klub yeni baş məşqçi axtarışına start verib. Sport24.az-a etibarlı mənbədən verilən məlumata görə, "kimyaçılar"ın prezidenti Riad Rəfiyev yeni çalışdırcını Portuqaliyada axtarır.
Klub rəhbəri növbəti mövsüm üçün komandanı çalışdıracaq mütəxəssisi məhz bu ölkədə tapmağı planlaşdırır və artıq ilkin danışıqlara başlayıb.
Məlumata əsasən, yeni baş məşqçi seçimində əsas meyar komandanı qısa müddətdə daha iddialı səviyyəyə qaldıra biləcək, nəticəyə oynayan mütəxəssisin tapılmasıdır. Rəhbərlik təyin olunacaq məşqçinin qarşısına minimum hədəf kimi "Sumqayıt"ı avrokuboklara çıxarmaq və Premyer Liqada üst sıralar uğrunda mübarizə aparmaq tələbi qoyacaq.
Qeyd edək ki, "Sumqayıt" hazırda Misli Premyer Liqasında 41 xalla 7-ci pillədə qərarlaşıb.