İngiltərə Futbol Assosiasiyası (FA) Roman Abramoviçin sahibliyi dövründə transfer qaydalarını pozduğu üçün "Çelsi" klubuna cəza kəsib. London təmsilçisi iki transfer pəncərəsində yeni oyunçu qeydiyyatına şərti qadağa və 10 milyon funt-sterlinq məbləğində cərimə olunub. Sport24.az xəbər verir ki, təhqiqat 2009–2022-ci illəri əhatə edən 74 epizodla bağlı aparılıb. Yoxlanılan müqavilələr arasında Villian, Eden Azar və Samuel Eto"o kimi futbolçuların transferləri də yer alıb.

 

Qeyd olunub ki, rəhbərlik dəyişdikdən sonra məhz "Çelsi"nin hazırkı idarəçiləri öz təşəbbüsləri ilə FA-yə mümkün qayda pozuntuları barədə məlumat veriblər.

 

Apellyasiya müraciətindən sonra transfer qadağası və ehtimal olunan 6 xal silinməsi cəzası şərti xarakter alsa da, kluba maliyyə sanksiyası tətbiq edilib.

 

Cari ilin mart ayında Premyer Liqa da gizli agent ödənişləri və akademiya oyunçularının qeydiyyata alınma qaydalarının pozulmasına görə "Çelsi"yə birillik şərti transfer qadağası tətbiq etmişdi.