"Arsenal"ın baş məşqçisi komandasının Premyer Liqa çempionluğu uğrunda həlledici mərhələyə daxil olduğunu bildirib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Börnli" ilə qarşılaşma öncəsi açıqlamasında futbolçularını tarixi fürsəti dəyərləndirməyə çağırıb.
Arteta son illərdə nümayiş etdirdikləri sabit oyunun artıq böyük uğurla nəticələnməli olduğunu deyib:
"Son illərdə keçdiyimiz yola baxsaq, xüsusilə də son dörd mövsümdə topladığımız xallar və qazandığımız qələbələr nəzərə alınsa, artıq bir neçə böyük kubok qazanmalı idik. Amma Premyer Liqada rəqabət inanılmazdır. Buna baxmayaraq, indi hədəfə daha da yaxınlaşmışıq".
İspaniyalı çalışdırıcı komandanın uğurunda klub rəhbərliyinin, azarkeşlərin və futbolçuların böyük pay sahibi olduğunu vurğulayıb:
"Hamı bu layihənin bir parçasıdır. Klub rəhbərliyi, azarkeşlər, futbolçular və məşqçi heyəti böyük ambisiya göstərir. Belə olanda nəticə gec-tez gəlir".
Arteta mövsüm ərzində komandasının əsas üstünlüklərinin dözümlülük, uyğunlaşma bacarığı və ambisiya olduğunu bildirib:
"Böyük titullar uğrunda mübarizə aparmaq üçün hər vəziyyətə uyğunlaşmağı bacarmalısan. Komanda son 10 ayda bunu nümayiş etdirdi. İndi qarşıda üç oyun qalıb və bütün diqqətimiz "Börnli" matçındadır".
Qeyd edək ki, "Arsenal" – "Bernli" görüşü bu gün keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.