"İlk növbədə "Turan Tovuz"un Konfrans Liqasına yollanması münasibəti ilə təbrik edirəm. Sabiq komandamın bu uğuruna çox sevindim". Bu sözləri Sport24.az açıqlamasında "Şamaxı"nın müdafiəçisi Abdulla Rzayev deyib.
Bölgə təmsilçisinin futbolçusu Misli Premyer Liqasının 32-ci turunda "Turan Tovuz"a qalib gəldikləri oyunu şərh edib:
"Oyuna gəldikdə isə çox çətin keçdi. Bu cür qarşılaşmalarda istənilən hesab qeydə alına bilər. Rəqib standart vəziyyətlərdən yaxşı istifadə edir. Şükür ki, sonuncu ev oyunumuzda qələbə qazandıq. Matçda yaranan aqressiya? Biz futbolçuyuq, meydanda əlimizdən gələni etməliyik. Evimizə çörək pulunu burdan qazanırıq. Bu aqressiya bütün görüşlərdə var. "Şamaxı"da icarədəyəm. Mən də fikirləşirəm ki, hər mövsüm bir komandada icarədə çıxış edirəm. Çox çətin zamandan keçdim. "Turan Tovuz"da oynamırdım, "Sabah"da əvəzedici komandaya göndərilmişdim. Tovuz klubunda oynamayandan sonra məsləhət oldu ki, "Şamaxı"ya gəlim. Ayxan Abbasova təşəkkür edirəm, şans verdi. Yeni mövsümdə hansı klubda olacam? Əvvəlcə bu barədə "Sabah"la danışmalıyıq. Müqavilə ilə həmin kluba məxsusam. Bilirlər ki, oynamaq istəyirəm".
Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.