"Mançester Yunayted"in danimarkalı hücumçusu Rasmus Heylunn İtaliya A Seriyası təmsilçisi "Napoli"yə transfer olunub. Sport24.az xəbər verir ki, 23 yaşlı forvardın keçidi rəsmiləşdikdən sonra həm yeni klubu, həm də sabiq komandası barədə emosional açıqlamalar verib.
Artıq rəsmən "Napoli"nin oyunçusu olduğunu bildirən Heylunn , "Mançester Yunayted"lə vidalaşmağın asan olmadığını gizlətməyib:
"Artıq rəsmi olaraq "Napoli"nin oyunçusuyam və "Mançester Yunayted"lə vidalaşıram. Bu, bir qədər qəribə hissdir. Çünki mən son bir ildir özümü onsuz da "Napoli"nin bir parçası kimi hiss edirdim. Neapollu azarkeşlərin mənə göstərdiyi dəstək, özümü evimdəki kimi hiss etməyimə və itirilmiş özünəinamımı bərpa etməyimə kömək etdi. Buna görə hər kəsə minnətdaram".
Uşaqlıq arzusunu gerçəkləşdirdiyini deyən gənc hücumçu, "qırmızı şeytanlar"ın düşərgəsində keçirdiyi günləri unutmayacağını vurğulayıb:
"Mançester Yunayted"ə əlvida demək mənim üçün çox emosionaldır. "Old Trafford"da o qırmızı formanı geyinmək mənim uşaqlıq arzum idi və mən buna nail oldum. "Yunayted" azarkeşlərinə, futbolçularına və bütün heyətə mənə bu şansı yaşatdıqları üçün təşəkkür edirəm".
Yeni komandasında qollarını sıralamağa başlayan danimarkalı qolçu, gələcək hədəflərindən də söz açıb:
"Vurduğum son qol yeni və inamlı bir başlanğıcın simvoludur. Bundan sonrakı dönəmdə "Napoli" üçün meydanda hər şeyimi verəcəm. İndi yeni arzuların arxasınca qaçmaq zamanıdır".