"Roma" və Argentina millisinin hücumçusu Paulo Dibala sol dizindən əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato.com" saytı məlumat yayıb.

 

Oyunçu diz iltihabı səbəbindən 25 yanvardan bəri sıradan çıxıb. O, bir aydan çoxdur ki, akupunktura da daxil olmaqla konservativ müalicədən keçib, lakin bu yanaşma gözlənilən nəticəni verməyib.

 

Mənbənin sözlərinə görə, Dibala bu günlərdə "Roma"nın məşqinə qoşulub. Ancaq 10 dəqiqədən yenidən sol dizində ağrı hiss edib. Əlavə müayinədən sonra tibbi heyət əməliyyatın qaçılmaz olduğunu bildirib.

 

Artroskopiya zamanı həkimlər yan meniskinin cırıldığını aşkar ediblər. Futbolçunu tanınmış professor Mariani əməliyyat edib.

 

Mütəxəssisin sözlərinə görə, argentinalı hücumçunun sağalması üçün ən azı 45 gün lazım olacaq. Əməliyyatdan sonra o, reabilitasiyaya başlayacaq.

 

Qeyd edək ki, Dibala 2022-ci ilin yayında azad agent kimi "Roma"ya qoşulub. O, bu mövsüm meydana çıxdığı 21 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.