"Qarabağ"ın əsas heyətdən kənarlaşdırdığı futbolçu Sami Mmae karyerası ilə bağlı çətinliklə üzləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, mərakeşli müdafiəçinin mövsümün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracağı artıq dəqiqləşib.

Məsələ ondadır ki, Mmae müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna da qayıtmaya bilər. Zaqreb təmsilçisinin rəhbərliyi futbolçunun artıq komandanın planlarına daxil olmadığını bildirib. Müdafiəçi bu klubda çıxış etdiyi dövrdə də intizam problemləri ilə gündəmə gəlmiş, baş məşqçi ilə yaşadığı narazılıq səbəbindən heyətdən kənarlaşdırılmışdı.

Beləliklə, 27 yaşlı futbolçu karyerasını davam etdirmək üçün yeni klub axtarışına çıxmalı olacaq.

Qeyd edək ki, "Qarabağ" Sami Mmaeni fevral ayında klubun nizam-intizam kodeksini pozduğu, baş məşqçi Qurban Qurbanovun qərarına etiraz etdiyi üçün əsas komandadan uzaqlaşdıraraq əvəzedici heyətə göndərmişdi.