"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya milli komandasının baş məşqçisi təyin olunmasına razılıq vermədiyini bildirib. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bu barədə "Rai Radio 1"-ə açıqlama verib:

 

"Mənim heç bir razılığım yoxdur. "Napoli" ilə müqaviləmin bitməsinə hələ bir il qalıb və mövsümün sonunda prezidentlə danışacağam. Sözlərimi düzgün şərh edin. Əgər təhrif olunarsa, bir daha danışmayacam".

 

56 yaşlı italyan məşqçi əvvəllər 2014-cü ildən 2016-cı ilə qədər İtaliya milli komandasını çalışdırıb. Bu yaxınlarda "Napoli"nin Antonio Konteni milli komandaya buraxmağa hazır olduğu barədə məlumatlar yayılıb. Məşqçinin özü bildirib ki, federasiya liderlərinin yerində olsaydı, millinin "sükanını" ona həvalə edərdi.

 

Qeyd edək ki, İtaliya millisi DÇ-2026-ya vəsiqə qazana bilməyib. Komanda pley-off finalında penaltilərlə Bosniya və Herseqovinaya məğlub olub.