"Neftçi"nin futbolçusu Freddi Varqasla bağlı qərarı dəqiqləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "ağ-qaralar" 27 yaşlı vingerlə yola davam etmək niyyətindədir.

Paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub venesuelalı oyunçunun çıxışından razıdır və komandada qalacağı təqdirdə Varqasın saxlanılmasını istəyir.

Vinger 2025-ci ilin iyulunda İsrailin "Makkabi Netanya" klubundan satınalma hüququ ilə 1 illik icarəyə götürülüb. "Neftçi" rəhbərliyi məhz bu hüquqdan istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Freddi Varqas cari mövsüm Misli Premyer Liqasında 25 oyunda iştirak edib və 3 qol vurub. Nüfuzlu "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 600 min avro qiymətləndirir.