"Kəpəz"də rəhbərlik dəyişikliyi ilə bağlı proseslərin başlaya biləcəyi iddia olunur. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, klubun İdarə Heyətinin sabiq sədri İlqar Nadiri yenidən Gəncə təmsilçisində rəhbər vəzifə tutmaq niyyətindədir.

Məlumata görə, funksioner bu istiqamətdə artıq fəaliyyətə başlayıb. O, sponsor axtarışına çıxıb. Nadiri həmin şəxslərlə danışıqlar da aparıb.

İddialara əsasən, İlqar Nadiri klubdakı mövcud durumdan yararlanmağa çalışır. Belə ki, yerli azarkeşlərin və futbol veteranlarının hazırkı sədr Adil Əliyev və İdarə Heyətinin üzvü Fərman Əlizadədən narazı olduğu vurğulanır.

"Sarı-göylər"in son turlardakı uğursuz nəticələri də vəziyyəti daha da gərginləşdirib. Xüsusilə "Karvan-Yevlax"a 1:4 hesablı məğlubiyyət klub daxilində problemlərin mövcudluğu ilə bağlı müzakirələri artırıb.

Bundan başqa, hazırkı rəhbərliyin baş məşqçi Azər Bağırovla yola davam edib-etməməkdə tərəddüd göstərməsi də azarkeşlərin narazılığına səbəb olub. Fanatlar baş məşqçinin deyil, məhz rəhbərliyin dəyişməsini istədiklərini açıq şəkildə ifadə edirlər.

Hazırda klub ətrafında baş verən proseslərin hansı istiqamətdə inkişaf edəcəyi maraqla gözlənilir.