"Şüa" idman kompleksində stolüstü tennis üzrə U-19 və U-15 yaş qrupları üzrə Azərbaycan birinciliyi keçirilib. Sport24.az xəbər verir ki, aprelin 30-da start verilən yarışda komanda, qoşa, qarışıq-qoşa və şəxsi mübarizədə qaliblər müəyyənləşib.

 

Nəticələrə əsasən, 19 yaşadək qızların komanda turniri Sümqayıt-1 kollektivinin qələbəsi ilə başa çatıb. Oğlanların yarışında isə baş mükafata Bakı-1 komandası layiq görülüb.

 

U-15 yaş dərəcəsində qızların mübarizəsi Sumqayıt-1, oğlanların yarışı Şabran komandasının qələbəsi ilə nəticələnib.

 

U19 yaş qrupunda mübarizə aparan qızların qoşa yarışında Mərziyyə Nurmətova ilə Aylin Əsgərova birinci olub.

 

Oğlanların turnirində Adil Əhmədzadə-Rüstəm Hacılı tandemi bütün rəqiblərini üstələyib.

 

Qarışıq-qoşa mübarizədə Adil Əhmədzadə ilə Nigar Mahmudova birinci yer tutub.

 

Şəxsi yarışlarda isə Mərziyyə Nurmətova və Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

U15 yaş dərəcəsində qoşa yarışlardan Yağmur Məmmədli – Xədicə Eylazova və Onur Quluzadə - Əliəkbər Mirzəliyev dueti qalib ayrılıb.

 

Qarışıq-qoşa turnirdə Onur Quluzadə ilə Yağmur Məmmədli qələbə qazanıb.

 

Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışların da qalibi adını qazanıb.

 

Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.