"Bizi gərgin oyun gözləyir. II Liqanın iki ən güclü komandaları üz-üzə gələcək". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın futbolçusu Amil Yunanov deyib.

32 yaşlı hücumçu bu gün II Liqanın 24-cü turunda "Şahdağ Qusar"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

"Düşünürəm ki, qarşılaşmanı azarkeşlər də böyük səbirsizliklə gözləyirlər. Hər iki kollektiv II Liqanı çempion kimi başa vurmağı hədəfləyir. Bizi yalnız və yalnız qələbə qane edə bilər. Əgər rəqibi məğlub etsək, çempionluğa yaxınlaşa bilərik. Aşkar şəkildə deyə bilərəm ki, çempionluğun həll olunacağı görüşə çıxacağıq. Futbolçu olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. "Şahdağ Qusar"ı məğlub etdikdən sonra digər matçlarımızı da qələbə ilə başa vurmalıyıq. Lakin rəqibimiz güclüdür, heyətləri bacarıqlı futbolçualrdan təşkil olunub".

Qeyd edək ki, bu gün "ASK Arena"da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Qusar təmsilçisi 67 xalla liderdir. Rəqibindən 3 xal az toplayan "Şəfa" ikinci pillədə qərarlaşıb.