Tennisdə mövsümün ikinci ''böyük dəbilqə''si olan ''Rolan Qarros'' davam edir. Sport24.az xəbər verir ki, qadınların yarışında Anastasiya Pavlyuçenkova belçikalı Elize Mertens ilə oyunda əzmkar qələbə qazanıb.

İlk setdə 3:6 məğlub olan rusiyalı raketka ustası ikinci setin gedişində də 1:3 geridə idi. Amma o, həmin seti 7:6, 3-cü seti 6:3 qazanaraq 1/4 finala yüksəlib. '

'Rolan Qarros-2021''in finalçısı olan Pavlyuçenkova karyerasında 8-ci dəfə ''Böyük Dəbilqə''nin 1/4 finalında oynayacaq. Yeri gəlmişkən, bu tennisçinin sayəsində ''Rolan Qarros'' tarixində yeni rekord qeydə alınıb. Ötən il maydan sonra zədə üzündən kortlara çıxmayan və reytinqdə bir xeyli geriləyən Pavlyuçenkova hazırda 333-cü pillədədi. O, ''Rolan Qarros''da 1/4 finala vəsiqə qazanan ən aşağı reytinqli qadın tennisçi kimi tarixə düşüb.

Növbəti mərhələdə onun rəqibi çexiyalı Karolina Muxova olacaq.